«Narkotik də məhvə layiqdir, narkoman da?» sərlövhəli yazı ilə tanış olun

Ekspert Zülfiyyə Mustafayeva: “Bizdə narkotiklə mübarizə dedikdə narkomanlarla mübarizə nəzərdə tutulur”

Narkomaniya bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlər sırasındadır. Bu, cəmiyyətin ciddi bəlası, xalqın təhlükə mənbəyi və sağalmaz xəstəlik qazanmış insanların bədbəxtliyidir. Böyük rus nasiri Lev Tolstoy vaxtilə deyib: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlikdir” (yəni narkomaniya).

Narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızda əvvəl narkotika haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Asiya qitəsində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş qozasından alınan şirədən(tiryəkdən) bir sıra müalicəvi məqsədlər üçün istifadə edilməsi haqqında məlumatlar var. Narkotik tərkibli bitkilərdən müalicə məqsədilə istifadə olunması müasir dövrümüzdə də aktualdır. Eyni zamanda, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran narkotik aludəçiliyi bu gün çox xoşagəlməz vərdiş kimi qəbul edilib.

Baş nazirin müavini Əli Həsənov 2011-ci ilin ikinci rübündə jurnalistlərə ölkə üzrə 26 minə yaxın şəxsin narkotik istifadəçisi olduğunu açıqlayıb. Keçən ilə nisbətdə istifadəçilərin sayı 2500 nəfər artıb. Dövlət rəsimisi bunun konkret rəqəm olmadığını, faktiki sayın bundan da çox olduğunu vurğulayıb. Əli Həsənov deyib ki, son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb. Baş nazirin müavini narkotiklərlə mübarizə modelinin köhnəldiyini də qeyd edib. O, narkotiklərlə mübarizə üzrə qanunların sərtləşdirilməsinin vacibliyini vurğulayıb. Son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə aludə olan narkomanlara nəzarət də xeyli güclənib. Ancaq bu nəzarət hansı formada aparılır, bunun üçün real şərait varmı? Yaxud narkomanı nəzarətdə saxlayıb, onu məsuliyyətə cəlb etmək nə dərəcədə düzgün addımdır?

Mövzu ətrafında yaranan suallarımızı Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri, Azərbaycanda “Zərərin Azaldılması Şəbəkəsi”nin eksperti Zülfiyyə Mustafayeva cavablandırdı. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı mübarizə Avropa ölkələrinə nisbətdə fərqli aparılır: “Zərərin azaldılması proqramı çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu layihələr əsasən riskli davranışı tətbiq edən qruplar arasında tətbiq edilir. Bunlardan biri də venadaxili narkotik istifadəçiləridir. Azərbaycanda narkotiklərlə mübarizə dövlət səviyyəsində aparılır. Eyni zamanda beynəlxalq təşkilat olan BMT-nin narkotika və cinayətkarlığa qarşı mübarizə komitəsinin Azərbaycanda layihə ofisi fəaliyyət göstərir. Bundan başqa, qlobal fond və dövlət qurumları narkotiklərlə bağlı mütəşəkkil proqramlar həyata keçirirlər. Lakin bu proqramlar, ümumiyyətlə Azərbaycanda, o cümlədən keçmiş sovet ölkələrində Avropadan fərqli şəkildə həyata keçirilir. Bu da ondan ibarətdir ki, bizdə narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların hazırda qəbul etdiyi və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizəni insanlara qarşı müharibə kimi etməməyi nəzərdə tutur. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq əslində onları daha da küncə sıxışdırmaqla problemin ketdikcə qapalı şəklə çevirilməsi ilə nəticələnir. Ancaq bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (söhbət cinayət təqibindən gedir) və s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir”.

Hazırda Avropanın bir sıra ölkələrində – Fransada, Almaniyada, İsveçrədə narkotika istifadəsi yolu ilə HİV-in yayılmasının sıfra endiyini deyən birlik sədri, əvəzində qadınlarla kişilər arasındakı seksual münasibətlər yolu ilə HİV və digər yoluxucu xəstəliklərin yayılmasının artdığını da bildirdi. “Azərbaycanda və MDB ölkələrində isə başqa tendensiya yaşanır. Burada qeyd etdiyim kimi narkotiklərin venadaxili istifadəsi yolu ilə adıçəkilən xəstəliklər daha çox yayılır”.

Zülfiyyə xanım deyir ki, Rusiyada narkotika istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək yoxdur. Onlara iki yol təklif olunur – ya cəzaçəkmə müəssisəsində məcburi müalicə, ya da azadlıqda özünün könüllü müalicəsi. Bu iki yoldan birini narkotik istifadəçisi mütləq seçməlidir. Amma Azərbaycanda bu məsələni tətbiq etsək, biz çox çətinliklə üzləşəcəyik: “Çünki, Rusiyadan fərqli olaraq Azərbaycanda bir dənə də reabilitasiya mərkəzi, reabilitasiya proqramları yoxdur. Bizdə narkotikin müayinəsi üçün yalnız Respublika Narkoloji Dispanseri və və Şəhər Narkoloji Dispanseri fəaliyyət göstərir. Regionlarda isə belə dispanserlər də yoxdur. Bu xidmətlər ancaq poliklinikaların bir şöbəsi kimi fəaliyyət göstərir. Reabilitasiya proqramlarından isə söz gedə bilməz. Elə narkoloji dispanserin özündə 26-28 gün ərzində yalnız müəyyən ağrıları aradan götürürlər, bəzi psixoloji dəstək göstərirlər. Ancaq reabilitasiya dedikdə kompleks tədbirlər proqramı nəzərtə tutulur. Bunun üçün isə 25-26 gün kifayət eləmir. Burada həm tibbi, həm qeyri-tibbi yollardan istifadə olunmalıdır, ailə üzvlərinin dəstəyi olmalıdır və s. İranın təkcə bir vilayətində 4-5 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Çünki orada da neçə illərdir ki, narkotik əsas problemlər sırasındadır. Bizdə isə bu sahədə təcrübə də yoxdur”.

Ekspert düşünür ki, nə qədər Azərbaycanda reabilitasiya proqramları yoxdur, dövlət tərəfindən də bu məsələ hələ ki diqqətdən kənarda qalıb, biz narkomaniya ilə mübarizə sahəsində işlərimizi effektiv həyata keçirə bilməyəcəyik. “Biz çalışmalıyıq ki, əsasən gəncləri qoruyaq bu bəladan, qoruya bilmədikdə isə, onları xəstə kimi qəbul etmək lazımdır. Bu şəxslərə cəza tətbiq etməklə onları cəmiyyətdən təcrid eləmək olmaz. Narkotik istifadəçisinə müalicədən sonra nəzarət etmək kimi anlayış isə ümumiyyətlə mövcud deyil. Onlar azad və şəxsiyyəti formalaşmış insanlardır. Bu şəxslər müalicədən sonra dispanseri tərk edirlər və bundan sonra hər şey onların iradəsindən asılıdır. Araşdırmalarımız göstərir ki, narkotik düşkünləri dispanserə o zaman müraciət edirlər ki, onlar ailələrinin və yaxın adamlarının ciddi tənələrindən bezirlər. Yaxud da narkomanın pulu qurtarır, daha dözə bilmir, gəlir xəstəxanaya. Deməli o, dispanserdən çıxdıqdan sonra da əlinə pul keçən kimi yenə ondan istifadə edəcək”.

Elgün Mənsimov

Müsahibələr
02/05/2013