Hepatit xəstələrinin 65-70 faizi xəstə olduğunu bilmir…

Hepatit xəstələrinin 65-70 faizi  xəstə olduğunu bilmir…

Hepatitlər – insan həyatı üçün böyük təhlükə yaradan viruslardır. Dünyada 6-dan çox növü qeydə alınan hepatitlərin iki növü – Hepatit B və Hepatit C hamilə qadınların və dünyaya gələcək körpələrin həyatını təhdid etməkdə davam edir.

Hepatit C-yə yoluxan insanların 40-45 %-də kəskin xəstəlik qeydə alınır, hepatit B-də isə bu – 5%  təşkil edir. Hepatit C davamlı olaraq inkişaf edərək, insan orqanizminə sağalmaz zərbə vurur.

Hepatit B-də isə daşıyıcılıq – yəni virusun uzun illər boyu aktivləşmədən, orqanizmə zərər vurmadan qalması mümkündür.  Hamilə qadınların hepatitlərə yoluxması həm onların özləri, həm də bətnindəki körpələrin  həyati riski deməkdir. Xronikiləşməyə yüksək meylliliyi ilə seçilən bu viruslar həm də ən bahalı müalicə xərcləri tələb edən xəstəliklərin törədicisidir.

Bəs ölkəmizdə hamilə qadınlar vaxtında hepatitlərlə baglı müayinələrdən keçirmi? Bununla baglı qadınlarımız daha çox nəyə diqqət etməlidirlər? Bu suallarımızı hepatit mövzusu ilə baglı araşdırmaların müəllifi , ekspert Dunya Sakit cavablandıracaq.

 

– Dunya xanim, hepatitlərin arasında onun C növünün müalicəsinin oldugunu deyirlər.  Dogrudanmı, hepatit C-dən tam olaraq müalicə olunmaq mümkündür?

– Xeyr. Tibbi araşdırmalar göstərir ki,  Hepatit C xəstələrinin yalnız 30 faizi tam sağala bilir.  Amma müalicə ilə virusun insan orqanizminə vuracagı fəsadları yüngülləşdirmək, insan orqanizminin bu virusla harmonik şəkildə yaşamasını təmin etmək olar.

Qeyd etmək vacibdir ki, yoluxdurma qabiliyyəti ən çox hepatit B virusuna aiddir, hepatit B virusu bütün viruslar arasında ən davamlısı (150 dərəcəyədək temperaturda məhv olmur) hesab olunur.Buna görə də hər bir şəxsin, xüsusilə də hamilə qadınların bu viruslara yoluxmamaq üçün aşağıdakılara diqqət etməsi vacibdir:

  • Gözəllik salonları, stomatoloji və abort kabinetlərində yüksək temperatur şəraitində sterilizə olunmayan alətlərdən istifadəyə yol verməməli;
  • Cinsi partnyorun hepatitə yoluxmadığına əmin olmalı;
  • Virusa yoluxmuş insanın diş fırçasından və ya ülgücündən istifadə etməməli;
  • Qanköçürmə zərurəti yarandıqda hepatitlərə yoxlanmış qanın köçürülməsinə diqqət etməli;
  • Tibb işçisi olanlar iynədən istifadə edəndə ehtiyatlı olmalıdır.

 

  • Belə fikir var ki, xəstələrin böyük əksəriyyətinin bu virusdan xəbəri yoxdur.

–     Dogrudur. Alimlər bundan əvvəlki illərdə araşdırmalarında bildirirdilər ki, hər bir xəstəlikdə oldugu kimi, hepatitlərdə də, onları vaxtında aşkar etmədikcə, kilinik vəziyyət daha da mürəkkəbləşir və müalicə da lazımi effekt vermir. Amma neyləməli? İnsanlar virusdan vaxtında xəbər tuta bilmirlər. Hepatit xəstələrinin 65-70 faizində xəstəlik heç bir əlamət olmadan, xroniki formada keçir, buna görə də onların əksəriyyəti xəstə olduğunu bilmir…

Hepatitlərə qarşı peyvənd artıq var. Bununla qarşıdakı illərdə problemi həll etmək mümkündürmü?

– Peyvəndin kəşf olunması təbii ki, tibbin işini yüngülləşdirdi. Peyvənd vasitəsilə yeni yoluxmaların qarşısı alınır, hepatitli qadınlardan dogulan korpələrin saglamlıgı təmin edilir. Amma nəzərə almaq lazımdır ki, hepatit C-nin peyvəndi yoxdur. Hepatit C-nin çoxlu və dəyişgən genotipləri olduğu üçün ona qarşı vaksin (peyvand) hələ hazırlanmayıb.

Amma Hepatit B-yə qarşı vaksin (peyvənd) var. Belə vaksinasiya aparılmadıqda, perinatal dövrdə hepatit B virusunun yoluxmuş anadan yenidoğulmuşa ötürülməsi riski 5-90 faiz təşkil edir. Bu risk həm də ananın qanında virusun aktiv bölünmə və yayılma statusundan (HBeAg ilə təyin edilir) asılıdır. Belə ki, qandan aparılmış laborator analizdə HBeAg pozitiv olan analardan hepatit B infeksiyasının yenidoğulmuşa keçməsi riski 70-90 faizdirsə, HBeAg-neqativ olan analardan virusun yenidoğulmuşa ötürülməsi riski 10 faizdən azdır.

Hepatit B infeksiyasına yoluxmuş analardan doğulmuş uşaqlara həm hepatit B vaksini, həm də hepatit B immunoqlobulini vurulması onların yoluxma riskini 70-90 faizdən 5-15 faizədək azaldır.

 Bəs hepatitli qadınların dogumunu həyata keçirən tibb müəssisəsi hansı addımları atmalıdır?

– Doğuşu idarə edən həkim qadında hepatit B olduğu barədə əvvəlcədən xəbərdar olarsa o, doğuş zamanı virusun körpəyə ötürülməsinin qarşısını almaq üçün doğuş otağında müvafiq dərmanların (peyvənd və immunoqlobulin HBİG ) olmasını təşkil edə bilər.

Peyvənd yenidoğulmuşa doğuşdan sonra 12 saat ərzində vurulduqda daha effektlidir. Müvafiq qaydalara riayət edilmədikdə, körpədə xroniki hepatit B-nin inkişaf şansı 95 faizdir!

Hamilənin qanında hepatit B virusunun səviyyəsi yüksək olduqda, ona hamiləlik zamanı müvafiq müalicənin aparılması tövsiyə olunur. Belə hallarda virusun uşağa ötürülməsi ehtimalı daha da azalır.

– Hepatit anadan uşaga hansı yolla keçə bilər?

– Həkimlər bütün hallarda hamilə qadınları ehtiyatlı olmaga çagırırlıar. Yəni, əsas məsələ odur ki, qadınlar ümumiyyətlə, hamiləliyi planlamadan öncə hepatit  və digər yoluxucu xəstəliklərlə baglı müayinələrdən keçsinlər. Xüsusilə vurgulamaq istəyirəm ki, Hepatit B həm cinsi yolla, həm də anadan uşağa keçə bilər, ona görə də ana olmağa hazırlaşan qadın vaxtında müayinə olunmasa, doğuş zamanı və ana südü ilə uşağını yoluxdura bilər.

  • Hepatit B-yə yoluxmuş qadın öz körpəsini əmizdirə bilərmi?

–  Hepatit B ilə yoluxmuş bütün qadınlar öz yenidoğulmuşlarını əmizdirə bilərlər. Ana südünün faydaları  potensial minimal yoluxma riskinə üstün gəlir. Əlavə olaraq, körpənin doğuşdan dərhal sonra hepatit B-yə qarşı peyvənd olunması da hər hansı potensial yoluxma riskini daha da azaldır.

– Körpənin hepatit B-yə yoluxmadığına nə vaxt əmin olmaq olar? 

– Peyvənd kursu uşağa tam dozada (cəmi 4 doza) Milli peyvənd cədvəlinə uyğun aparılmalıdır və onun sağlam olması müvafiq qan analizi ilə təsdiq olunmalıdır. Bundan ötrü peyvənd kursu tamamlandıqdan 1-2 ay sonra hepatit B-nin yoxlanılması üçün uşağın qanı analizə/testə verilməlidir.

Azərbaycanda hamiləlik zamanı qanın hepatitlərə müayinəsi (testlər) iki dəfə aparılır: 12 həftəyə qədər və 34-36-cı həftələrdə.

 

Gulnar Nuriyeva

Yazı Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanb

 

Müsahibələr
12/08/2016