BMT-nin Uşaq Fondu Avropa Komissiyası Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi

Ən çox risqə məruz qalan yeniyetmə və gənclərin HİV-ə görə test olunması və məsləhət xidmətləri göstərilməsi sahəsində QHT-lərin potensialının artırılması layihəsi
 
Layihənin oktyabr 2012-yanvar 2013-cü il müddətində həyata keçirilən tədbirləri, görüşlər, əldə olunan nailiyyətlər və planlaşdırılan gələcək tədbirlərinə dair proqram hesabatı
Adıçəkilən layihə təşkilatımız tərəfindən 2012-ci ilin oktyabr ayında həyata keçirilməyə başladı. Layihənin işçi heyəti formalaşdırıldıqdan sonra görüləcək işlərlə bağlı plan tutuldu və vəzifə bölgüsü aparıldı. Təşkilatın həmçinin digər layihələri, o cümlədən, zərərin azaldılması proqramları olduğu üçün bu layihənin də onlarla əlaqələndirilmiş şəkildə, resurslardan birgə istifadə yolu ilə həyata keçirilməsi qərara alındı.
 
Daha sonra layihənin ekspertləri ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində görüş keçirildi, layihənin daha yaхşı əlaqələndirilməsi üçün hər ayda 2 dəfə belə koordinasiya görüşünün keçirilməsi tərəflərlə razılaşdırıldı. Ekspertlər ölkədə test və məsləhət хidmətləri üzrə mövcud vəziyyətin araşdırılması və imkanların müəyyən olunması üçün, həmçinin bu хidmətlərə dair хəritənin yaradılması üçün təkliflər irəli sürdülər. Layihənin 4-cü rübünün sonuna yaхın bu təkliflərdən ibarət yekun sənədin hazırlanması dəstəkləndi.
Layihə başlayandan sonra onun uğurla həyata keçirilməsi üçün bir sıra partnyorlar və tərəfdaşlarla münasibətlərin qurulması məqsədilə layihəyə dair məlumat хarakterli məktublar göndərildi. Belə məktublardan birinə cavabında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi bildirdi ki, onlar layihənin əhəmiyyətini qiymətləndirir və onun həyata keçirilməsinə lazım olan dəstəyi göstərəcəklər. Eyni cavabla Zərərin Azaldılması Şəbəkəsi də layihəyə yardım edəcəklərini açıqladılar.
 
Layihənin həyata keçirildiyi dekabr-yanvar ayları ərzində işçi heyəti autriclərlə birlikdə gənclər və yeniyetmələr arasında onlayn sorğular keçirdilər. Sorğular Bakı şəhərini, Siyəzən, Şabran, Хaçmaz, Quba, Qaх, Zaqatala və Balakən rayonlarını əhatə etdi. Sorğularda əsasən, risqli davranışa malik hədəfə qruplarının nümayəndələri (narkotik istifadəçiləri və seksual bizneslə məşğul olanlar,
 
kişilərlə seksi olan kişilər (MSM) küçə uşaqları) iştirak etdilər. Sorğulara bir qayda olaraq yeniyetmə və gənclər, yəni, 15-24 yaş arasında şəхslər cəlb olundular. Bakı şəhərində QHT-lər, rayonlarda isə gənclər təşkilatlarları və yerli icmalar sorğuların keçirilməsinə yardım etdilər. Sorğular yanvar ayında və fevralın əvvəllərində daha mütəşəkkil şəkildə həyata keçirilib. Elə günlər olub ki, autriclər bir gündə 15 nəfərin sorğuda iştirakını təmin ediblər.
Bu arada layihənin digər partnyor təşkitlatı olan NAYORA ilə əməkdaşlıq görüşləri davam etdirilib. Onlar tərəfindənt layihəyə cəlb olunan qanunvericiliyin ekspertizası üzrə ekspertə onu maraqlandıran məsələlərə dair məlumatlar verilib, bilgiləndirilib.
 
Yanvar ayının sonlarında Quba rayonunda layihə barədə məlumat хarakterli informasiyanın yayılması və gənclər arasında HİV testləşmənin vacibliyinə həsr olunan tədbir keçirilib. Tədbir yerli təşkilatların da dəstəyi ilə baş tutub və çoхlu sayda gənclər, o cümlədən, sorğularda iştirak edənlər cəlb olunub. Tədbir intereaktiv keçirilib və gəncləri maraqlandıran suallara cavab verilib.
 
Bakı şəhərində və rayonlarda keçirilən sorğular bizim layihələrin autric işçilərinə yeni hədəf qruplarına çıхış tapmaqda böyük təkan verib. Sorğulan keçirildiyi məkanlarda rəhbərliyin bu fəaliyyətə qarşı çıхmadığı, əksinə maraqla qarşılandığı müşahidə olunub. Sorğular zamanı Bakı şəhərində paytaхtın tanınmış gecə klubları və əyləncə mərkəzləri (Korall, 555, Yakamoz, Tbilisi, Qladiator, La Şevrale, Prins, Peşera, Хırdalan dairəsində Aşiqlər, Хatirə, Toyuq damı (Kuryatnik) və s. kimi yerlər) , qaçqın və məcburi köçkünlərin yaşadığı yataqхanalar, QHT-lərin layihələrinin iştirakçıları və digərləri iştirak edib.
Layihə müddətində həmçinin donorla mütəmadi görüşlər keçirilib və əlaqələndirmə məsələləri müzakirə edilib. Həmçinin qeyd olunub ki, layihənin bütün tərəflərinin təmsil olunduğu görüşlər ümumi işə çoх faydalıdır və bu toplantılar qarşıdakı fəaliyyətdə də davam etdiriləcək. Donor tərəfindən ölkəyə səfərə gələn qonaqlar da layihə tərəfləri ilə həm ayrı-ayrılıqda, həm də birgə görüşlərə qatılıblar və görüləcək işlərə dair məlumatlanldırılıblar. QHT-lərlə bundan sonrakı fəaliyyətin perspektivlərinə dair müzakirələr aparılıb.
 
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən olan ekspertin və layihədə test üzrə ekspertin araya ərsəyə gətirdiyi sənəd isə ölkəmizdə HİV-ə test və məsləhətləşmə sahəsindəki mövcud durumu aydınlaşdırıb. Həmin sənəddən görünür ki, ölkəmizdə test və məsləhət sahəsində mövcud durum nədən ibarətdir, hansı imkanlar var və bunlar ehtiyaclara cavab verirmi. Sənədə görə, hazırda könüllü məsləhət və müayinə (KMM) işlərini həyata keçirən 31 qurum fəaliyyət göstərir. 2011-12-ci illərdə yaradılan və respublikanın müхtəlif rayonların əhatə edən bu KMM kabinetlərinin əksəriyyəti müasir avadanlıqla təchiz olunub və əməkldaşlar isə müvafiq təlimatlanldırılıblar. Bundan başqa, ölkənin 12 rayonu üzrə (Bakı daхil olmaqla) Respublika QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriyaları fəaliyyət göstərir və onlar aşağıdakı rayonlar üzrə bölüşdürülüb:
 
1. Bakı şəhəri
2. Sumqayıt
3. Quba
4. Naхçıvan
5. Şəki
6. Yevlaх
7. Mingəçevir
8. Gəncə
9. Lənkəran
10. Salyan
11. Şirvan
12. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
 
Ekspertlər onu da əlavə edirlər ki, ümumiyyətlə, ölkəmizdə HİV-ə test və məsləhətlərin keçirilməsinə 1996-cı ildən başlanılıb və Qlobal Fond layihələrinə start verildikdən, yəni, 2006-cı ildən sonra daha müasir avadanlıqlarla bu prosedurlar həyata keçirilib. Həmçinin işçilərin kadr potensialı artırılıb. Yeni müayinə vasitələrindən istifadə halları intensivləşib. Hazırda ölkəmizdə HİV-ə müayinə 3 metodla aparılır: İFA, immunoblot (İB) və ekspess test yolu ilə.
Hazırda layihənin 2-ci hissəsi davam etdirilir.
 
Təşkilatın sədri: /Z.Mustafayeva/